Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Qazaxıstanın baş nazirinin müavini Krımbek Kuşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, logistika, turizm və s. sahələrdə əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Ş.Mustafayev Azərbaycan və Qazaxıstan arasında mövcud əməkdaşlığından danışıb və bildirib ki, iki ölkə arasında iqtisadi sahədə indiyədək 20-dən çox sənəd imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb.
Nazir Azərbaycanın iqtisadi nailiyyətləri, regionların inkişafı istiqamətində görülən işlər, yaradılmış müasir istehsal və emal müəssisələri, taxıl və soyuducu anbar kompleksləri, iri taxılçılıq təsərrüfatları, kənd təsərrüfatı sahəsinin inkişafına dövlət dəstəyi mexanizmləri barədə qazaxıstanlı qonaqlara geniş məlumat verib və qeyd edib ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, ölkə regionlarının inkişafında məqsədyönlü dövlət proqramlarının – «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın uğurlu icrası mühüm rol oynayır. Rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi xarici bazarlarda Azərbaycan mallarına olan marağı və tələbatı artırır, yerli məhsullar bir sıra xarici ölkələrə ixrac olunur.
Nazir Ş.Mustafayev Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılması və bu mərkəz vasitəsilə bölgənin ərzaq təminatında Azərbaycan şirkətlərinin iştirak edə biləcəyini də diqqətə çatdırıb və vurğulayıb ki, ölkə başçılarının tapşırığına əsasən, Qərbi Qazaxıstan vilayətləri ilə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin Aktauya səfəri və biznes-forumun təşkili nəzərdə tutulur.
Öz növbəsində K.Kuşerbayev Qazaxıstanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də aqrar sektorda tətbiq edilən qabaqcıl texnologiya və metodlara Qazaxıstanda marağın böyük olduğunu vurğulayıb. Azərbaycanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən K.Kuşerbayev Qazaxıstanda Azərbaycanın aqrar sahədəki qabaqcıl təcrübəsindən istifadə ediləcəyini qeyd edib.
Azərbaycana səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin fəaliyyəti ilə, həmçinin Qəbələdə bölgənin turizm potensialı, heyvandarlıq, şərabçılıq, konserv məhsulları istehsalı müəssisələrinin, soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olublar.