Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda toxum istehsalı ilə məşğul olan 200-dən artıq hüquqi və fiziki şəxs 2012-ci ilin nəticələrinə görə onlara verilməli olan subsidiyanı ala bilmir.
APA-nın xəbərinə görə, bununla bağlı jurnalistlərin suallarını cavablandıran kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, 224 hüquqi və fiziki şəxsə veriləcək təqribən 5 mln. manat məbləğində subsidiya hələlik sahiblərinə çatmayıb.
Nazir bildirib ki, bu subsidiyaların verilməsi ilə Nazirlər Kabineti yananda mövcud olan və tərkibinə müxtəlif dövlət qurumlarının daxil olduğu Ekspert Şurası ötən ilin dekabrın sonlarında bu fermerlərə subsidiyaların verilməsi ilə bağlı qərar qəbul edib. Qərar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənərək subsidiyaların ödənilməsi üçün Maliyyə Nazirliyinə göndərilib, amma müəyyən texniki səbəblərə görə onların vaxtında ödənilməsi mümkün olmayıb: «Əvvəla, artıq ilin sonu idi, digər tərəfdən bu məbləğ fermerlərin əvvəlki illərdə tədarük etdiyi və satdığı toxuma görə nəzərdə tutulmuşdu. Sonra isə Yeni il bayramı ilə əlaqədar istirahət günlərinin olması bu subsidiyaların verilməsini ləngitdi».
Nazir ümid etdiyini bildirib ki, yaxın günlərdə fermerlər öz subsidiyalarını alacaqlar.