Ucar. Zahid Abışov - APA. Ucarda kombayn qıtlığı qiymət artımına səbəb olub. APA-nın yerli bürosunun məlumatına görə, taxıl biçimi aran bölgəsində mayın 26-da başlansa da, fermerlərin bir çoxunun məhsulu hələ də sahələrdə biçilməmiş qalıb.
Fermerlərin sözlərinə görə, havaların yağıntılı keçməsi və kombayn qıtlığı səbəbindən sahələrdə məhsul yararsız hala düşüb. Kombayn qıtlığı qiymətin iki dəfəyə yaxın artmasına səbəb olub. Belə ki, taxıl biçimi üçün hər hektara görə fermer 27 manat ödəməlidirsə, məhsulun tamamilə yararsız hala düşməməsi üçün 40-45 manat ödəməli olur. Bu da fermerlərin narazılığına səbəb olur.
Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Nurməmməd Tağıyev APA-nın yerli bürosuna bildirib ki, hazırda rayonda heç bir kombayn qıtlığı və qiymət artımı yoxdur. Rayon üzrə 12 min hektarda taxıl bitkisi əkilib və bu günə kimi 8992 hektarda 31 kombayn vasitəsilə biçim başa çatdırılıb. Yaxın 1 həftə ərzində Ucar rayonunda taxıl biçini tamamilə yekunlaşacaq.