Bakı. Etibar Məmmədov - APA. “Nərə balıqlarının artırılması ilə bağlı Ekologiya və Sərvətlər Nazirliyi vaxtilə ölkə rəhbərliyinin tapşırığı və Dünya Bankının dəstəyi ilə birgə radikal addım atıb”.
APA-nın məlumatın görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizində Nərə balıqlarının artırılması məsələsinə münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, Xıllı nərə balıqartırma zavodu hazırda da fəaliyyətini davam etdirir: “Digər ölkələrdəki balıqartırma zavodlarından fərqli olaraq, bu zavod çox müasir, dinamik işləyir. Nərə balığının 5 mindən artıq ana sürüsü dənizdən asılı olmayaraq, zavodun özündə yetişdirilir. İlk dəfə biz əməliyyat şəklində ana sürüsü balıqlarından kürünü alaraq, onların yenidən saxlanmasını təmin etmişik. Hazırda xırda balıqları yetişdirmə metoduna keçilib”.
H.Bağırov onu da vurğulayıb ki, Bakıda keçirilən Xəzəryanı ölkələrin prezidentlərinin sammitində qaldırılan Xəzər dənizində balıqartırma məsələsi Azərbaycan prezidenti tərəfindən dəstəklənib.