AzMİU-da Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

AzMİU-da Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
# 01 may 2018 12:16 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli - mənəvi dəyərlər : ənənə və müasirlik” adlı beynəlxalq elmi konfrans keçirib.

AzMİU-dan APA-ya verilən məlumata görə, konfransa ali təhsil müəssisələrindən, AMEA-nın Tarix və Fəlsəfə İnstitutundan nümayəndələr, eyni zamanda Türkiyə, Çin və Rusiyadan gələn qonaqlar qatılıb.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda məzarını ziyarət edib, büstü önünə əklil qoyublar. Konfrans AzMİU-nun akt zalında davam etdirilib. Konfransı giriş sözü ilə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova açaraq Heydər Əliyevin həyat yoluna nəzər salıb onun uğurlu siyasətindən, dövlətçiliyin, ölkənin inkişafında göstərdiyi xidmətlərdən danışıb.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə də çıxışında ümummilli liderin gördüyü işlərdən, həm sovet dönəmində, həm də müstəqillik illərində həyata keçirdiyi layihələrdən danışıb.

Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru professor Y. Qraçovanın “Heydər Əliyev şəxsiyyəti: xatirələr” məruzəsi də maraqla qarşılanıb. Təmsil etdiyi təhsil ocağının rəhbərliyinin Heydər Əliyevlə dostluq münasibətlərindən danışan qonaq müəyyən bir dönəmdə universitetin bağlanma təhlükəsi yarananda Heydər Əliyevin onlara dəstək olduğunu yada salıb. Y.Qraçova Heydər Əliyevin Moskva Dövlət Hüquq Universitetinin fəxri professoru olduğunu vurğulayıb və ulu öndərin də fotolarının yer aldığı xatirə kitabını AzMİU-nun rektoruna təqdim edib.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı məruzə ilə çıxış edib. C.Bəhrəmov çıxışının yekununda Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş 2 cildlik monoqrafiyanı universitetin kitabxanasına hədiyyə edib.

Plenar iclasın sonunda AzMİU-nun İctimai fənlər kafedrasının müdiri dosent Könül Əliyeva və Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxış edib.

Sonra konfrans ayrı-ayrı bölmələrdə davam etdirilib. Konfrans 2 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR