Qəbələdə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib

Qəbələdə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib
# 20 iyul 2016 13:45 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Qəbələdə fəaliyyət göstərən Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə qədim Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, konfransda Norveç, Türkiyə və Rusiyadan gələn görkəmli albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar, Qəbələdə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbinin 16 ölkədən olan 75 nəfər iştirakçısı, o cümlədən 20 iyul-“Beynəlxalq Udi günü” münasibətilə dünyanın müxtəlif ölkələrindən özlərinin tarixi vətənləri olan Azərbaycana toplaşan udilər iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastrının mitropoliti Salib Özmen, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış edib.

Natiqlər Azərbaycanda “Multikulturalizm ili”ndə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə tolerantlığın yüksək səviyyədə təmin olunduğu bildirilib, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də islam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışılıb.

Konfransda Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Qafqaz Albaniyası və tarixi-coğrafi aspektdə genetik təhlil”, Norveçin Oslo Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Byorn Veqqe “Yerusəlimdən Kişə”, Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili “Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi xristian icması“, mövzusunda məruzə edib. Sonra konfrans öz işini plenar iclaslarla davam etdirib.

Tədbirdə Qəbələ əhalisinin zəngin etnik tərkibindən söz açılıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udinlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udinlər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 islam, bir xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udinlərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udinlərin tarixi qorunub saxlanılır və araşdırılır.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbi iştirakçılarının görüşü olub. Konfrans iştirakçıları Nic qəsəbəsinə səfər edərək Müqəddəs Yelisey Alban kilsəsi ilə tanış olublar. Konfransdan sonra “Udi Mədəniyyət Günü”nə həsr olunmuş tədbirlər keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR