Noyabrda Azərbaycanda 2 263 vergi ödəyicisində qanun pozuntusu faktları aşkar edilib

Noyabrda Azərbaycanda 2 263 vergi ödəyicisində qanun pozuntusu faktları aşkar edilib
# 04 dekabr 2013 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ay Azərbaycanda 2 263 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, noyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2 263 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Belə ki, 1 255 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 343 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 208 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 315 vergi ödəyicisi tərəfindən 504 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 84 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 58 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 670 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR