“Hizbullah”ın baş katibi İranın Livandakı səfirliyinə hücuma görə Səudiyyə Ərəbistanını günahlandırıb

“Hizbullah”ın baş katibi İranın Livandakı səfirliyinə hücuma görə Səudiyyə Ərəbistanını günahlandırıb
# 04 dekabr 2013 10:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əldə olunmuş razılaşmasından əsl qazanan tərəf bölgə xalqları oldu”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Livan “Hizbullah”ının baş katibi Seyid Həsən Nəsrullah bildirib.

Onun sözlərinə görə, Cenevrə razılaşmasının çox mühüm rolu olacaq: “Fikrimcə, Cenevrə razılaşmasının ən böyük qalibi region ölkələri olublar. Çünki bu razılaşma hərbi variantı arxa plana atdı. Digər tərəfdən, dünya ölkələri arasında dialoq qapılarının açılmasına səbəb oldu və onların anlaşmalar, həll yolları tapmaları üçün imkan yaratdı. Eyni zamanda nüvə razılaşması və Suriyanın kimyəvi silahlarının məhvi ilə bağlı anlaşma bir neçə qütblülük reallığını ortaya çıxardı. Bir neçə qütblülük məsələsi beynəlxalq hegemonçuluq və istibdadın qarşısını alaraq siyasi manevrlər qapısını açıb. Məlumdur ki, bu gün bəzi ərəb ölkələrinin liderləri bölgədə regional müharibə çıxarmaq niyyətindədir. Ancaq belə bir müharibənin alovu bütün bölgəni yandıracaq. Lakin nüvə razılaşması bu müharibə buludunu bölgənin üzərindən uzaqlaşdıracaq. Amerikalılar yeni bir Yaxın Şərq yaratmaq istəyirdilər. Ancaq buna müvəffəq olmadılar. ABŞ-ın Yaxın Şərqdəki bütün birbaşa və dolayısı ilə aparılan müharibələri uğursuzluğa uğradı və bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərdi”.

“Hizbullah”ın baş katibi deyib ki, ABŞ İranla əlaqə qurmaq niyyətindədir: “ABŞ-ın İran əleyhinə siyasətinin dəyişdiyinə şahidik. Ancaq İran bu məsələdə tələskənliyə yol vermir və ehtiyatlı davranır. Mən demirəm ki, sanksiyalar iranlıları incitməyib. Əksinə onlar və iqtisadiyyatları sanksiyalardan əziyyət çəkib. Lakin xalqın müqaviməti və iradəsi, sayıqlıq, milli birlik və iranlıların mütləq surətdə milli hüquqlara sadiq qalması qərblilərin öz istəklərinə çatmamasına səbəb oldu. Sanksiyalar İrandakı quruluşun devrilməsinə gətirib çıxarmadı, həmçinin bu ölkəni təcrid edə və zəif sala bilmədi. Sanksiyalar İranın diz çökdürülməsinə gətirib çıxarmadı. Əksinə, ABŞ və Avropanın maliyyə və iqtisadi vəziyyəti böhranla üzləşdi”.

H.Nəsrullah vurğulayıb ki, İran bölgənin çox əhəmiyyətli bir ölkəsidir: “Bu baxımdan biz də bir çox mövzuda İranla məsləhətləşirik”.

“Hizbullah”ın baş katibi İran və Səudiyyə Ərəbistanı əlaqələrinə də toxunub: “İran uzun illərdir Səudiyyə Ərəbistanı ilə dialoq tərəfdarıdır. Ancaq qarşı tərəf bu dostluq və ortaqlığa yanaşmır. Səudiyyə Ərəbistanı digər bir çox bölgə ölkəsi ilə eyni problemə sahibdir. Səudiyyə Ərəbistanı Livan, İraq, Əfqanıstan və Suriyadakı casusları vasitəsilə döyüşməkdədir. Səudiyyə Ərəbistanı başda olmaqla Türkiyə və Qətər kimi bəzi bölgə liderləri Suriya rəhbərliyini devirməyə çalışırlar. Bu ölkələr heç cür diplomatik cəhdlərə və dialoqa müsbət yanaşmırlar”.

H.Nəsrullah həmçinin noyabrın 19-da İranın Livandakı səfirliyinə yönəlik hücuma görə Səudiyyə Ərəbistanını günahlandırıb: “Bu hücumun arxasında Səudiyyə Ərəbistanı kəşfiyyatı ilə birbaşa əlaqəsi olan “Abdullah Əzzamın Briqadası” var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR