Azərbaycan Prezidenti: “Biz Olimpiya Hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail olacağıq”

 Azərbaycan Prezidenti: “Biz Olimpiya Hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail olacağıq”
# 29 aprel 2013 19:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, prezident qonaqları salamlayaraq, olimpiada üçün hazırlıq işlərinin artıq başlanıldıığını deyib: “Bu, birinci Avropa Oyunlarıdır, böyük sınaqdır. Ümidvaram ki, birgə səylər nəticəsində Olimpiya Hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail ola biləcəyik. Bu, bizim məqsədimizdir. Biz indi çox fəal şəkildə çalışırıq, sözsüz ki, bu gün və sabah təqdimatlar keçiriləcək. Əlbəttə ki, sizin tövsiyələriniz yüksək qiymətləndiriləcək”.

Prezident Azərbaycanın dünya və Avropa çempionatlarına ev sahibliyi etdiyini xatırladıb: “Avropa Oyunları isə fərqli səviyyəli və sözsüz ki, xüsusi diqqət tələb edən oyunlardır”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxşında 2001-ci ildə Azərbaycana səfər etdiyini xatırladıb: “ Sizin Milli Olimpiya Komitəsinə çox fəal rəhbərlik etdiyiniz bir dövrdə ilk dəfə Azərbaycana səfərimi yaxşı xatırlayıram. Biz fəxr edirik ki, Siz indi də Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edirsiniz”.

P. Hikki qeyd edib ki, Avropa Oyunlarının Bakıda uğur qazanacağına əmindir: “Avropada bu oyunlara böyük maraq var. Düşünürəm ki, hər iki tərəfin birgə əməkdaşlığı nəticəsində böyük uğurlar qazanacağıq”.

Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos prezident İlham Əliyevə ilk Avropa Oyunlarına ev sahibliyi etməyə qərar verdiyinə görə təşəkkür edib: “Bu, Sizin ölkəniz üçün çox əlamətdar hadisə olacaq”.

Avropa Olimpiya ailəsinə bu beynəlxalq idman tədbirinin Bakıda keçirilməsi barədə verdikləri qərara görə minnətdarlığını bildirən, bunun çox əhəmiyyətli və rəmzi qərar olduğunu vurğulayan prezident İlham Əliyev bunu Azərbaycan tərəfinə göstərilən yüksək etimad kimi qiymətləndirdiyini bildirib: “Düşünürük ki, Azərbaycan bu cür yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etmək iqtidarındadır”.

Ölkə başçısı deyib ki, hazırlıq işləri üçün iki il vaxt var: “Biz bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacağıq və sözsüz ki, bu, Avropa Olimpiya ailəsi tarixində ilk oyunlar kimi yadda qalacaq. Bu, gələcək oyunlar üçün müəyyən meyarlar formalaşdıracaq. Ümid edirəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq”.

Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr Kozlovski də birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı məmnunluğunu ifadə edib: “Bakı son illər ərzində inanılmaz dərəcədə dəyişib. Bu gün Bakı Avropanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Buraya gələrkən yolda biz hər yerdə böyük tikinti işlərinin aparıldığının şahidi olduq. Əminəm ki, bir neçə ildən sonra Bakının daha da inkişaf etməsinin şahidi olacağıq”.

A. Kozlovski Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına sambo idman növünün daxil edilməsi ilə bağlı prezidentə müraciət edib.

Dövlət başçısı qeyd edib ki, sambo Azərbaycanda da çox populyardır və bu növdə ölkəmizin bir neçə qat dünya çempionları var. Prezident İlham Əliyev bu məsələnin nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.

Daha sonra dövlət başçısı Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verdiyini bildirib. Prezident qeyd edib ki, artıq Gimnastika Mərkəzi, Su İdman Növləri Mərkəzi, Olimpiya Stadionunun tikintisi aparılır. Əvvəldən inşa olunmuş komplekslərin hazırda yenidən qurulması prosesi də davam etdirilir: “Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı müsabiqəsi, eləcə də Avropa Oyunları Azərbaycanda keçirilə bilər. Bizim əsas məqsədlərimizdən biri şəhərdə elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki kimi rahat, təhlükəsiz hiss etsin və bu möhtəşəm beynəlxalq tədbirdən zövq alsın”.

Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Kocijançiç isə çıxışında Avropa Oyunlarının təşkilində Azərbaycana uğurlar arzulayıb.

Patrik Hikki Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Təşkilat Komitəsinə rəhbərlik etməsindən də məmnunluğunu ifadə edib.

Prezident qeyd edib ki, M. Əliyevanın “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinə sədrliyi də uğurlu olub: “ Avropa Yayım Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə görə, müsabiqə çox uğurlu təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı təcrübəsi var. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür. On ildən artıqdır o, Azərbaycan Milli Gimnastika Federasiyasının prezidentidir. O, Milli Olimpiya Komitəsinin üzvüdür. Fəxr edirəm ki, ölkənin Prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən prezident kimi öz vəzifəmdən istifadə edərək, Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm, çünki bu, necə deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda əlavə inam yaradır. Onlar görürlər ki, ölkənin Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni zamanda, mən Avropa Olimpiya Komitəsinin Prezidenti ilə şəxsi dostluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən artıqdır tanıyırıq. Mən, həmçinin Koordinasiya Komitəsinin bu cür geniş tərkibdə təşkilindən məmnunluq duyuram. Bu, bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir və praktik nöqteyi-nəzərdən düşünürəm ki, bu əhəmiyyətli beynəlxalq tədbirin təşkilində önəmli rol oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR