Elmar Məmmədyarov ÇXR-in Dövlət Şurasının üzvü Yan Tszeçi ilə görüşüb

Elmar Məmmədyarov ÇXR-in Dövlət Şurasının üzvü Yan Tszeçi ilə görüşüb
# 01 iyul 2014 18:57 (UTC +04:00)

Bakı-APA. İyulun 1-də Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində ÇXR-in Dövlət Şurasının üzvü Yan Tszeçi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yan Tszeçi bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında Azərbaycan prezidenti İlham Əliyev və ÇXR-in sədri Si Cinp arasında olan uğurlu görüşü xatırladığını deyərək, Azərbaycanın Çinin etibarlı dostu olduğunu bildirib və iki ölkənin xarici işlər nazirlərinin bugünkü görüşünü əhəmiyyətli adlandırıb.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında olan əməkdaşlığın mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin və birgə səylərlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın bütün ölkələrlə münasibətlərində dostluq, qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsiplərindən çıxış etdiyini deyərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına dair Azərbaycan və Çinin mövqelərinin eyni olduğunu diqqətə çatdırıb.

Yan Tszeçi ölkələrimiz arasında münasibətlərin etimad əsasında qurulduğunu və dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət daxil olmaqla, bir çox məsələlər üzrə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü bildirib. O, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının zərurətini vurğulayıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR