Roland Kobia: “Azərbaycan və Avropa Birliyi Cənub Qaz Dəhlizinin reallaşmasına doğru daha bir addım atıb”

Roland Kobia: “Azərbaycan və Avropa Birliyi Cənub Qaz Dəhlizinin reallaşmasına doğru daha bir addım atıb”
# 17 may 2013 11:29 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Mayın 16-da Avropa Komissiyası Avropa Birliyi (AB) qanunvericiliyindən Trans-Adriatik (TAP) boru kəməri layihəsinə (üçüncü tərəfin çıxışı, tarif tənzimlənməsi və sahibkarlığın bölünməsi ilə bağlı 3-cü Enerji Paketinin müddəaları) güzəştin verilməsi və “Nabucco West” üçün (üçüncü tərəfin çıxışı və tarif tənzimlənməsindən azad olunması ilə bağlı) əvvəllər verilmiş güzəştin müddətinin uzadılması barədə rəsmi qərar qəbul edib.

APA-Economics”in xəbərinə görə, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia jurnalistlərə açıqlamasında bildirib ki, bu qərarlar Cənub Qaz Dəhlizinin tamamlanmasında daha bir dönüş nöqtəsi yaradır: “Onlar qarşılıqlı maraq doğuran birgə layihələrimizin reallaşdırılmasında Avropa Birliyinin Azərbaycanla konkret işlə bağlı götürdüyü öhdəliyi və ciddiliyi nümayiş etdirir. Azərbaycan və Avropa Birliyi Cənub Qaz Dəhlizinin reallaşmasına doğru daha bir addım atıb. Qərarlar həm TAP, həm də “Nabucco West” layihələri üçün mühüm və həll olunmalı olan tənzimləyici və qanunvericilik məsələlərini ünvanlayır. İndi hər iki layihənin mövqeyi elə analoji səviyyəyə çatdırılıb ki, “Şahdəniz II” qazı üçün Avropa evakuasiya marşrutuna dair növbəti qərarın iyun ayında veriləcəyini nəzərə alaraq, bu, “Şahdəniz” konsorsiumuna hər iki boru kəmərini adekvat olaraq qiymətləndirmək imkanı verəcək".

Qeyd edək ki, “Şahdəniz” konsorsiumu “Şahdəniz II” evakuasiya marşrutunun Avropa qolu üçün rəqabət göstərən iki layihənin - “Nabucco West” və TAP boru kəmərini qiymətləndirir. “Şahdəniz” konsorsiumunun məlumatına görə, qərarın iyun ayının sonunadək, “Şahdəniz II” üzrə yekun investisiya qərarının isə 2013-cü il oktyabr ayının sonunadək veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR