Bakıda «Seçki prosesində media etikası» mövzusunda seminar keçirilir - FOTO

Bakıda «Seçki prosesində media etikası» mövzusunda seminar keçirilir - <span style="color: red;">FOTO
# 18 sentyabr 2013 08:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda «Seçki prosesində media etikası» mövzusunda seminar keçirilir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən İREX-in ölkə üzrə rəhbəri xanım Anjela Nikoara təmsil etdiyi qurumun Azərbaycan jurnalistikasının inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən danışıb.

A.Niokara bildirib ki, İREX-in dəstəyi ilə 8 universitetdə WiFi şəbəkəsi qurulub. Jurnalistika ilə məşğul olan 12 nəfərin Azərbaycan universitetlərində dərs deməsi təmin edilib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ-ın mətbuat azadlığına həmişə dəstək verdiyini deyib: «Biz dəfələrlə demişik ki, ABŞ Azərbaycanda mətbuat azadlığını nə qədər dəstəkləyir. Mətbuat bizə gözlər və qulaqlar verir ki, biz problemləri müəyyən edək. Media azadlığı xüsusilə seçki dönəmində önəmlidir. Medianın tamamilə azad olması o deməkdir ki, media məsuliyyətlidir».

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ölkədə söz və mətbuat azadlığı mövcuddur. Hər bir vətəndaş öz fikirlərini media vasitəsilə bildirə bilir. Artıq «Diffamasiya haqqında» qanun layihəsi ATƏT-in Bakı Ofisinin köməyi ilə Mətbuat Şurası tərəfindən hazırlanıb: «Əminəm ki, Azərbaycan ilin sonunadək «Diffamasiya haqqında» qanuna malik olacaq. Mediadakı problemlər iqtisadi vəziyyətlə bağlıdır. Bu isə jurnalistlərin peşəkarlığından tutmuş digər məsələlərə kimi yol açır».

Ə.Amaşov bildirib ki, Azərbaycanda KİV-in reklam bazarı kifayət qədər azdır. Hazırda bununla bağlı rəsmi qurumların reklam və elanlarının KİV-ə verilməsi və s. məsələlərlə bağlı müvafiq qurumlar qarşısında məsələlər qaldırılıb.

MŞ sədri bildirib ki, Azərbaycan jurnalistləri mükəmməl peşə davranış qaydalarına malikdirlər. Azərbaycan KİV-nin seçki prosesində iştirakından danışan Ə.Amaşov bu prosesin müvafiq prosedurlarla tənzimləndiyini bildirib. Əlavə edib ki, MŞ-da seçki ilə bağlı monitorinq qrupu seçki günü güclənmiş halda fəaliyyət göstərəcək: «Biz redaksiyalara öz nümayəndələrini monitorinq qrupuna daxil etməsi üçün müraciət etmişik. Seçki günü Mətbuat Şurasının qaynar xətti fəaliyyət göstərəcək. Bizi narahat edən digər məsələ mətbuatda müxtəlif namizədlərlə bağlı qara piardan istifadə edilməsidir. Biz bu məsələni diqqətdə saxlayacağıq».

Seminar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR