Şamaxı Astrofizika Rəsədxanası: Bu il  ərzində olacaq geomaqnit fırtınalarını indidən proqnozlaşdırmaq mümkün deyil

Şamaxı Astrofizika Rəsədxanası: Bu il  ərzində olacaq geomaqnit fırtınalarını indidən proqnozlaşdırmaq mümkün deyil
# 15 yanvar 2014 12:37 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib.

N. Cəlilov bildirib ki, geomaqnit fırtınalarının nə vaxt baş verəcəyini müəyyənləşdirmək mürəkkəb prosesdir: “Bu elə mürəkkəb sahədir ki, bir neçə istiqamətdə kəsişmə nöqtəsində yerləşir. Bunu aydınlaşdırmaq üçün gərək müxtəlif mütəxəssislər cəlb oluna və hər kəs öz sahəsinə aid məsələni araşdırıb problemin həllini tapa bilər. Günəşdə olan aktivliyin, partlayışların yerə tuşlanıb-tuşlanmayacağının proqnozunu vermək çətindir”.

Rəsədxana rəsmisi qeyd edib ki, Amerikanın günəşin müxtəlif mövqelərdən eyni zamanda müşahidə etmək üçün 2 peyki var. Günəşdə baş verəcək fırtınalarla bağlı proqnozu həmin peyklər vasitəsilə vermək olar. Bunu da Günəşdə alışma olanda və yerə tuşlananda vermək mümkündür. Burada çox dəqiqlik lazımdır. Baş verən alışmalar 3-4 gün sonra yerə çata bilər və fırtına yaradar. Ancaq və ancaq 3-4 gün sonra onu demək olar. Daha sonra dəqiq proqnoz vermək və ona qarşı nəsə etmək olar. Olub-olmayacağını əvvəlcədən demək ümumiyyətlə, mümkün deyil”.

N. Cəlilov hazırda günəşdə vəziyyətin sakit olduğunu bildirib: “Bir qədər öncə günəşə baxmışam, tamamilə sakit vəziyyətdir. Yanvarın 7-də böyük alışma olmuşdu, ondan sonra tamamilə sakitdir. Arada az güclü və yerə yönəlməmiş alışmalar baş verir. Bu da təhlükəli deyil”.


Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumata görə, 2014-cü ildə 30-a qədər geomaqnit fırtınası proqnozlaşdırılır, bunlardan 8-nin güclü və çox güclü olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR