Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını 31-ə çatdıracaq

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını 31-ə çatdıracaq
# 23 aprel 2014 13:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu il Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən əlavə olaraq 15 elektron xidmətin tətbiqinə başlayacaq. Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu barədə komitə sədri Kərəm Həsənov 2014-cü ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında deyib.

O, bildirib ki, hazırda qurum tərəfindən 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsinə verilib. “Bu ilin ilk rübündə artıq 7 yeni elektron xidmət təsdiq olunub. Yaxın zamanda yeni elektron xidmətlərin ictimai təqdimatı və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub”, - deyə K. Həsənov bildirib.

Qurum rəhbəri bildirib ki, il ərzində istifadəyə veriləcək digər yeni elektron xidmətlərə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.

K. Həsənov həmçinin bildirib ki, komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də elektron xidmətlərin sayını artıracaq: “Bu xidmətlər təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata alması, öz əmlakları barədə zəruri məlumatı internet vasitəsilə də əldə edə bilməsi ilə bağlı olacaq. Hazırda bu mexanizmin tətbiqi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR