Bakının təkrar mənzil bazarında qiymətlər son bir ildə 27% artıb - MONİTORİNQ

Bakının təkrar mənzil bazarında qiymətlər son bir ildə 27% artıb - <span style="color: red;">MONİTORİNQ
# 16 dekabr 2013 13:59 (UTC +04:00)

Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub. Son 11 ay ərzində bazarın bu seqmenti üzrə təklifin kəskin azalması və qiymət dinamikasının kəskin artımı müşahidə olunub. Bu, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumatda bildirilib.

Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsir nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə, tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin (qaz təchizatı) həll olunması da qiymətlərin artımına təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, ilkin bazardan fərqli olaraq təkrar mənzil bazarında qiymət dinamikasının sürətli artım tendensiyası daha kəskin xarakter daşıyır. Buna baxmayaraq, son 3 ayda təkrar mənzil bazarında qiymət artımı nisbi xarakter daşımağa başlayıb.

Noyabr ayında təkrar mənzil bazarında təklifin həcmi əvvəlki ayla müqayisədə 3,0% azalıb, orta qiymət isə 0,4% artıb. Aktivlik əmsalına görə ən cəlbedici rayonlar əvvəlki ayda olduğu kimi Xətai, Yasamal, Nizami və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq tədricən dərinləşir. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə yaxınlığı ilə də bağlıdır. Amma son 6 ay ərzində demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metro stansiyalarına yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir. Noyabrda təkrar mənzil bazarında qiymət indeksi oktyabr ayı ilə müqayisədə 1,0 bənd artaraq 247,7 bəndində qərarlaşıb.

Noyabr ayında aparılan araşdırmalara əsasən, təklif 3,0% azalıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 4 600-ə enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.

Təklif portfelinin strukturunun uzun müddətdir bu 4 rayon hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayon hesabına formalaşır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.

Noyabrda otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb, 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı, otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,6% təşkil edib.

Noyabr ayında qiymət indeksində qiymətə müvafiq olaraq nisbi artım müşahidə edilib. Orta qiymət oktyabrda qeydə alınan nəticədən 0,4% çox olub və 1 342 dollar/kv.m təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 26,5% olub.

Ötən ay bütün rayonlarda qiymət artımı müşahidə olunub. Ay ərzində ən çox qiymət artımı Xətai rayonunda (1,4%) qeydə alınıb.

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 342 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,6%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,89, hər otağın orta satış qiyməti 50 114 dollar, mənzilin orta qiyməti isə 118 569 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR