Təhsil naziri orta məktəblərdə bütün xüsusi halların araşdırılması ilə bağlı əmr imzalayıb

Təhsil naziri orta məktəblərdə bütün xüsusi halların araşdırılması ilə bağlı əmr imzalayıb
# 20 dekabr 2013 12:04 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada nazirliyə məlumat verilməsini təmin etmək tapşırılıb. Xüsusi hallara təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr, təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri, hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi, elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması, şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər, təhsil müəssisəsinin ərazisində təhsil alanların və təhsil işçilərinin xəsarət alması, təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər, inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması, təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr daxildir.

Xüsusi hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə, qeyri-iş vaxtları isə (051) 7601270 və ya (050) 3613298 telefon nömrələrinə) verilməlidir. Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilməlidir.

İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılıb ki, daxil olmuş məlumatları qeydiyyata almaqla dərhal nazirliyin rəhbərliyinə məruzə edilməsini təmin etsin, qeyri-iş saatı daxil olan məlumatların növbəti iş günündə qeydə alınması təmin olunsun, əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin, əmrin Təhsil Nazirliyinin bütün struktur qurumlarına və strukturuna daxil olmayan tabeliyindəki qurumlara çatdırılmasını təmin etsin, xüsusi hallar barədə məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini aparsın. Xüsusi hallar barədə məlumatın verilməsinə görə şəxsən məsuliyyət daşıdıqları Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin nəzərinə çatdırılsın. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR