Dünya çempionatının qrup oyunları Bakıda keçiriləcək

Dünya çempionatının qrup oyunları Bakıda keçiriləcək
# 09 oktyabr 2013 12:56 (UTC +04:00)

Bakı – APA. Voleybolçular arasında dünya çempionatının III seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qadınların yarışında bu mərhələdən mübarizəyə qatılacaq Azərbaycan millisinin harada oynayacağı və rəqibləri müəyyənləşib.

Yığmamız mundiala vəsiqəni Bakıda qazanmalıdır.

Belə ki, millimizin çıxış edəcəyi J qrupunun oyunları paytaxtımızda baş tutacaq. Komandamızın final mərhələsinə gedən yolda ən ciddi rəqibi güclü Serbiya yığmasıdır. Qrupun digər 2 komandası İsrail və Estoniyanın Bakıda çıxışı ən yaxşı halda formal xarakter daşıyacaq.

Faiq Qarayevin yetirmələri ilə serblər isə 2014-cü ildə İtaliyada keçiriləcək mundiala vəsiqə uğrunda mübarizə aparacaq. Avropanın 5 seçmə qrupunun hər birindən yalnız ilk yerin sahibləri Apennin yarımadasına vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq. Bu mərhələnin oyunları yanvarın 3-5-də keçiriləcək.

19 il öncə tarixində ilk və hələlik yeganə mundiala Braziliyada qatılan komandamız bu dəfə “Köhnə qitə”də planetin ən yaxşıları arasında çıxış etmək iddiasındadır. Həmin turnir isə gələn il sentyabrın 23-dən oktyabrın 12-nə qədərdir.

I qrupu (Ankara): Türkiyə, Rumıniya, Ukrayna, Kipr
J qrupu (Bakı): Azərbaycan, Serbiya, İsrail, Estoniya
K qrupu (Lodz): Polşa, İspaniya, Belçika, İsveçrə
L qrupu (Rovinj): Xorvatiya, Hollandiya, Fransa, Macarıstan
M qrupu (Varna): Bolqarıstan, Çexiya, Slovakiya, Belarus

Qeyd edək ki, meydan sahibləri İtaliya, Avropa çempionatının finalçıları Rusiya ilə Almaniya, Asiya və Okeaniyanın 4 komandası – Yaponiya, Çin, Tailand, Qazaxıstan və Cənubi Amerikadan Braziliya milliləri artıq 24 komandanın mübarizə aparacağı mundila vəsiqəni əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR