Mətbuat Şurasında Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib - FOTO

Mətbuat Şurasında Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 31 yanvar 2014 13:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Mətbuat Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib. MŞ-dən APA-ya verilən məlumata görə, tədbir ideya müəllifi, MŞ İdarə Heyətinin üzvü, Milli Məclisini deputatı Cavanşir Feyziyev, layihə rəhbəri Şura sədri Əflatun Amaşov və ssenari müəllifi tanınmış telejurnalist Bəxtiyar Qaraca olan filmin nümayişi ilə başlanıb. Yarım saatlıq ekran əsərində Rəsulzadə irsinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun elmi araşdırmalarına istinad olunub.

Mərasimi açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 31 yanvar 2014-cü il tarixdə 130 yaşı tamam olan M. Ə. Rəsulzadənin çoxşaxəli fəaliyyətində jurnalistika mühüm yer tutub: “İdeyalarının cəmiyyətə çatdırılmasında jurnalistikanın gücündən məharətlə yararlanmış görkəmli mütəfəkkir Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq geniş yayılmış maarifçilik təfəkkürünü siyasi publisistikaya daşıyaraq məfkurə halına saldı. Tarixilik baxımdan bu, son dərəcə mühüm missiya idi və nəticə etibarilə həmin missiya Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirdi”.

Ə. Amaşov rəhbərlik etdiyi qurumun Azərbaycanın ictimai fikir tarixində mühüm missiya daşımış şəxslərlə bağlı daha 12 sənədli filmin çəkilişini həyata keçirəcəyini diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, M. Ə. Rəsulzadənin yaradıcılığının Azərbaycan ictimaiyyətinə az məlum olan hissəsi onun mühacirətdəki fəaliyyətidir: “Həmin dövrün çatdırılmasına da ehtiyac böyükdür. Çünki məhz mühacirət illərində yazdığı əsərlər Rəsulzadəni Azərbaycan miqyasından çıxararaq onu ümumdünya humanitar mədəniyyətinin tərkib hissəsinə çevirib. Hesab edirəm ki, görkəmli şəxsiyyətə bu rakursdan da qiymət vermək lazımdır”. C. Feyziyev prezident İlham Əliyevin imzaladığı sərəncamın Rəsulzadə irsinin öyrənilməsi ilə bağlı işlərə təkan verəcəyinə əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, prezident İlham Əliyevin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyildiyi kimi, Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.

Bəxtiyar Qaraca Rəsulzadənin həyat və yaradıcılığına verilən önəmin gələcək nəsillərə azərbaycançılığı təbliğ etmək istiqamətində dəyərli yol, məfkurə sığınacağı olduğunu söyləyib.

Zaman-zaman Rəsulzadənin həyat və yaradıcılığı ətrafında birmənalı baxışın olmadığına diqqət çəkən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu qeyd edib ki, 23 illik müstəqillik tariximizdə də bu meyl özünü göstərib: “Amma hesab edirəm ki, prezident İlham Əliyevin 22 noyabr 2013-cü il tarixdə imzaladığı sərəncam ortaya Rəsulzadənin ümummilli dəyər simasını tam şəkildə təsdiqlədi. Bu, dövlətçilik tariximiz baxımından son dərəcə mühüm addım idi”.

Təqdimat mərasimində çıxış edənlərdən MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, “Zaman Azərbaycan” qəzetinin redaktoru Ürfan Məmmədli və başqaları uzun müddət ərzində Rəsulzadə şəxsiyyətinin Azərbaycan cəmiyyətinə yanlış təqdim olunmasının doğurduğu mənfi nəticələrdən söz açıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR