Cəbhəyanı ərazilərdə şəkərli diabet xəstələrinin sayı artıb

Cəbhəyanı ərazilərdə şəkərli diabet xəstələrinin sayı artıb
# 25 fevral 2014 11:45 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Cəbhə bölgəsində yaşayanlar arasında şəkərli diabet və başqa xəstəliklərin geniş yayıldığı müşahidə olunur. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu fakt son günlər respublikada əhalinin kütləvi müayinədən keçirilməsinə dair həyata keçirilən tədbirlər zamanı məlum olub.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən məlumata görə, əhali arasında daha çox əsəb, sinir və qan sistemi, həmçinin mədə-bağırsaq xəstəliklərinin yayılması çoxalan xətt üzrə inkişaf edir.

O da bildirilib ki, indiyədək Ağdam rayonu ərazisində 6 min nəfər müayinədən keçirilib. Tibbi yoxlamalar zamanı qorxulu və xroniki xəstəliklərin daşıyıcısı olan şəxsə rast gəlinməyib, amma narahatlıq doğuran hallar da az deyil.

Ağdam Rayon Poliklinikasının müdiri Bəhram Qurbanov APA-ya deyib ki, hər ay 20-25 nəfər şəkərli diabet xəstəsi qeydiyyata alınır: “Bu da insanların yaşadığı müharibə şəraiti ilə bağlıdır”.

Müayinələr zamanı öd kisəsi daşı xəstəliyinin əvvəlki illərlə müqayisədə artdığı da bəlli olub: “Bu daha çox adamların fiziki işlərdən uzaq düşməsi ilə əlaqədardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR