Prezident İlham Əliyev Gədəbəy rayonuna səfər edib

Prezident İlham Əliyev Gədəbəy rayonuna səfər edib
# 10 sentyabr 2013 16:16 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gedib. APA-nın xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verib.

İ. Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışına qatılıb. Gədəbəy aşıqları onu öz ifaları ilə salamlayıblar və saz hədiyyə ediblər. Prezident gənc aşıqların da ifasını dinləyib və rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edib.

Gədəbəy Aşıq Musiqisi Məktəbinin təməli 2009-cu ildə prezident İlham Əliyev tərəfindən qoyulub. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılıb. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunub. Burada səsyazma studiyası da qurulub. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait var. Binada aşıq musiqi sənəti ilə bağlı muzey yaradılıb. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkənin tanınmış saz ustadları haqqında məlumatlar toplanıb. Dövlət başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirib.

Prezident sonra Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak edib. O, körpünün yerləşdiyi avtomobil yolunun sxematik planı ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, körpü Gədəbəy şəhərinin girişində, Şəmkir-Gədəbəy magistral avtomobil yolunun 42-ci kilometrliyində yerləşir. Çolpan çayı üzərində 1988-ci ildə tikilən üç aşırımlı, 60 metr uzunluğunda olan körpü uzunmüddətli istismardan və təbii aşınmalardan sonra qəzalı vəziyyətə düşmüşdü. Gədəbəy şəhərinə giriş üçün alternativ yol olmadığından yeni körpünün tikilməsinə zərurət yaranmışdı. Körpünün tikintisinə 2012-ci ilin noyabrında başlanılıb və bu ilin sentyabrında başa çatdırılıb. Yenidən qurulan körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Körpünün uzunluğu 95 metr, eni isə 14 metrdir. Dörd aşırımlı körpü Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm rol oynayacaq.

İ. Əliyev Gədəbəydə aparılan abadlıq-quruculuq işlərindən bəhs edən videoçarxa baxıb. Qeyd edilib ki, körpü ilə yanaşı, Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu da yenidən qurulub. Yoldakı hərəkət zolaqlarının eni 11,5, piyadalar üçün nəzərdə tutulmuş səkilərin eni 2,5 metrdir. Birinci mərhələdə yolun Gədəbəy-Novosaratovka hissəsi yenidən qurulub. Yeni yol yatağı tikilərək üzərinə asfalt-beton örtük salınıb. Sel sularının təsirindən uçmuş yol kənarları bərpa edilib. Yolun bu hissəsinin uzunluğu 27 kilometrdir. İki hərəkət zolaqlı yolun eni 7 metrdir. Hazırda yolun bu hissəsində tikinti işləri tamamlanıb. İkinci mərhələdə yolun Novosaratovka-Qaravəlilər hissəsi çəkiləcək. Bu hissənin uzunluğu 29 kilometrdir. Layihəyə uyğun olaraq 10 metr enində torpaq yatağının üzərində eni 6 metr olan ikizolaqlı yol tikiləcək. Bundan əlavə, bəzi hissələrdə beton su axıdıcı novların, yol çiyinlərinin, bəzi hissələrdə isə metal sədlərin tikilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR