Azərbaycan xarici işlər naziri Vyetnam nümayəndə heyətini qəbul edib

Azərbaycan xarici işlər naziri Vyetnam nümayəndə heyətini qəbul edib
# 13 oktyabr 2014 15:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsi katibliyinin daimi üzvü Le Honq Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Vyetnam arasında tarixi əlaqələrin olduğunu bildirərək, ikitərəfli münasibətlərin dinamik surətdə inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib.

Hələ Sovet dönəmində Heydər Əliyevin Vyetnama səfər etdiyini bildirən E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama son səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qonağa məlumat verən E. Məmmədyarov qeyd edib ki, problemin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması lazımdır.

Le Honq Anh isə prezident İ. Əliyevin Vyetnama səfərinin Azərbaycan-Vyetnam münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına əsaslı töhfə verdiyini deyərək, iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. Müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin, o cümlədən müqavilə-hüquq bazasının genişləndirilməsinin münasibətlərin inkişafındakı əhəmiyyətini qeyd edən Le Honq Anh bir sıra sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin uğurla əməkdaşlıq etdiyini bildirib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR