Səfir: “Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır”

Səfir: “Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır”
# 22 aprel 2015 11:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Vilnüs Universitetinin yeni təyin edilmiş rektoru Arturas Zukauskasla görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında təhsil sahəsindəki münasibətlər müzakirə edilib, yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

Səfir H.Məmmədzadə rektoru yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib, Azərbaycan və Litva arasında təhsil sahəsindəki mövcud əlaqələrə dair məlumat verib. Azərbaycan rəhbərliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini deyən səfir hazırda Litvanın beş universitetinin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb.

H. Məmmədzadə hazırda bir sıra Azərbaycan və Litva universitetləri arasında birbaşa əməkdaşlığın mövcud olduğunu və bu cür əlaqələrin Bakı Dövlət Universiteti ilə Vilnüs Universiteti arasında da mümkünlüyünü qeyd edib.

A.Zukauskas isə Bakı Dövlət Universiteti ilə əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirərək, gələcəkdə qarşılıqlı səfərlər, təcrübə və tələbə mübadiləsi, eyni zamanda hər iki ölkə müəllimlərinin həm humanitar, həm də texniki elmlər üzrə mühazirələr oxumasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR