Yaponiya büdcə məhdudiyyətləri səbəbilə qarşıdakı beş il üçün hərbi xərclərini təxminən 30% azaltmağı nəzərdən keçirir.
Bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Yaponiya Maliyyə Nazirliyi növbəti beş ildə müdafiə sahəsinə 50-60 trilyon yen (313-376 milyard dollar) ayrılmasını təklif edir.
Bu məbləğ hazırkı beşillik dövr üçün nəzərdə tutulan 43 trilyon yendən çox olsa da, Müdafiə Nazirliyi və hakim Liberal Demokrat Partiyasının tələb etdiyindən təxminən 30% azdır. Onlar hərbi xərclərin 80 trilyon yenə (500 milyard dollar) çatdırılmasını istəyirlər.
Xərclərin azaldılması raketlərin və F-35 qırıcıları da daxil olmaqla hərbi təyyarələrin alınması planlarına yenidən baxılmasına səbəb ola bilər. Bəzi satınalmaların həcminin hətta yarıya qədər azaldılması mümkündür.
“Reuters” qeyd edir ki, bu maliyyələşmə səviyyəsi ilə Yaponiya müdafiə xərclərini ÜDM-nin 2%-nə çatdıra bilməyəcək.