Çinin cənub-qərbində yerləşən Yunnan əyalətindəki Yanbi-İy Muxtar bölgəsində cümə günü baş verən zəlzələ nəticəsində təxminən 12,9 min bina, ev və digər tikililər zərər görüb.
APA Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bölgənin 72,3 mindən çox sakininə fəlakət nəticəsində müxtəlif maddi ziyan dəyib.
Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb.
Yaralılardan 3 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl 2 nəfərin öldüyü bildirilmişdi, lakin onlardan birini təcili tibbi yardım aldıqdan sonra həyata qaytarmaq mümkün olub.
Yerli hakimiyyət orqanları fəlakət bölgəsinə 600-dən çox xilasedici, həkim və digər fövqəladə işçilər, 120 ədəd texnika göndərib. Hadisə ilə əlaqədar 3 müvəqqəti düşərgə yaradılıb. 21 minə yaxın yerli sakin artıq təhlükəli ərazilərdən təxliyə olunub.
Mütəxəssislər yolları, körpüləri, dəmir yollarını, elektrik xətlərini və digər infrastrukturu ziyan görməsini yoxlayır.
Xatırladaq ki, Çinin Dali-Bai Muxtar Dairəsindəki Yanbi-Yi Muxtar bölgəsində ilk zəlzələ cümə axşamı Bakı vaxtı ilə 16:56-da baş verib. Ümumilikdə, bir saat yarım ərzində fasilələrlə 2,8 - 6,4 bal gücündə iyirmidən çox yeraltı təkanlar qeydə alınıb. Çinin Seysmoloji Mərkəzinin Digər mənbələrin məlumatına görə, 7,1 bal gücündə də zəlzələ qeydə alınıb.
Sinxay əyalətində isə Bakı vaxtı ilə 22: 04-də 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri 8-10 km dərinlikdə yerləşib.
Məlumat üçün bildirək ki, Yanbi-Yi Muxtar Dairəsinin əhalisi təxminən 100 min nəfərdir. Bu ərazidə ən güclü zəlzələ 1925-ci ildə 7 bal gücündə qeydə alınıb.
***
21 may, saat 22:06
Çinin cənub-qərbində Yunnan əyalətində baş vermiş yeraltı təkanlar nəticəsində azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
APA TASS-a istinadən xəbər verir ki, bu ba4rədə regional seysmoloji idarə məlumat yayıb.
Hazırda qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, axşam saatlarında 100 min sakinin yaşadığı Dali-Bai Muxtar Dairəsində 5.6 - 6.4 bal gücündə fasilələrlə təkanlar qeydə alınıb. Zəlzələnin ocağı, təxminən 8 km dərinlikdə olub.