G7 ölkələri qlobal çağırışlarla bağlı Çinlə birgə işləməyin vacib olduğunu bəyan ediblər.
APA xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin Yaponiyada keçirilən iki günlük iclasından sonra qəbul etdikləri ortaq bəyanatda bildirilib.
"Biz Çini beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi çıxış etməyə çağırışımızı bir daha təkrar edirik. Konstruktiv və sabit münasibətlər qurmaq üçün birgə işləməyə, dialoqu, qlobal iqtisadiyyatın bərpasını və qarşılıqlı şəkildə xalqlar arasında mübadilələri təşviq etməyə hazırıq.
Biz həmçinin Çinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərini qorumaq zərurətini xatırladırıq və təhdidlərdən, məcburiyyətdən, hədə-qorxudan və ya güc tətbiqindən çəkinməyə çağırırıq", - bəyanatda qeyd olunub.
XİN rəhbərləri Şərq və Cənubi Çin dənizlərindəki vəziyyətdən də narahatlıqlarını ifadə edərək bildiriblər ki, onlar status-kvonu güc və ya zorla dəyişdirməyə yönəlmiş istənilən birtərəfli cəhdlərə qəti şəkildə qarşıdırlar: "Çinin Cənubi Çin dənizində iddialarının heç bir hüquqi əsası yoxdur və biz Çinin bölgədəki militarizasiya fəaliyyətinə qarşıyıq".
Birgə bəyanatda Tayvan məsələsinə də toxunulub: "Biz təhlükəsizlik və rifahın əvəzsiz elementi kimi Tayvan boğazı boyunca sülh və sabitliyin vacibliyini bir daha təsdiqləyirik və boğazlararası məsələlərin sülh yolu ilə həllinin vacibliyini qeyd edirik. G7 üzvlərinin Tayvanla bağlı əsas mövqelərində və vahid Çin siyasətində heç bir dəyişiklik yoxdur. Biz Tayvanın dövlətçiliyin əsas şərt olmadığı beynəlxalq təşkilatlarda, o cümlədən Ümumdünya Səhiyyə Assambleyasında və ÜST-nin texniki iclaslarında üzv, müşahidəçi və ya qonaq qismində mənalı iştirakını dəstəkləyirik. Beynəlxalq ictimaiyyət bütün tərəfdaşların təcrübəsindən yararlanmalıdır", - G7 XİN rəhbərləri qeyd ediblər.
Birgə bəyanatda Çində insan haqlarının vəziyyətinə də toxunularaq qeyd edilib ki, Sincanda və Tibetdə insan hüquqları pozuntuları ilə bağlı hallar dərin narahatlıq doğurur: "Biz Honq Konqun muxtariyyət hüquqlarının davamlı şəkildə aradan qaldırılması ilə bağlı da narahatlığımızı bir daha bəyan edir, Çini azadlıqları təmin etməyə, beynəlxalq öhdəliklərinə və qanunlarına uyğun hərəkət etməyə çağırırıq".