İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının Siyasi Bürosunun üzvlərindən biri olan İzzəddin Kassabı öldürüb.
APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi zərbə nəticəsində anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında öldürülüb.
"Kassab Qəzza zolağında HƏMAS-ın siyasi bürosunun sağ qalan sonuncu yüksək vəzifəli üzvlərindən biri olub. Onunla yanaşı onun köməkçisi, Əymən Ayeş də məhv edilib", - bəyanatda deyilir.
İsrail ordusu Kassabın bu ölkəyə qarşı terror hücumlarının təşkilində əli olduğunu iddia edib. Mətndə qeyd olunur ki, o, böyük gücə malik idi və HƏMAS-ın Qəzza zolağındakı digər fələstinli qruplaşmaları ilə strateji və hərbi əlaqələrinin saxlanmasında iştirak edirdi.