İsrail Prezidenti İsaak Herzoq İranı regional və qlobal stabilliyi pozmaqda ittiham edib.
APA xəbər verir ki, bu barədə İsrail dövlət başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.
"Baş verən müharibə yalnız İsrail və HAMAS arasında deyil, dünya bunu görməlidir, Tehrandan gələn şər imperiyası silahlara milyardlar xərcləyir ki, dünyanın və regionun stabilliyini pozsun. İranın regionda proksiləri var və onlar dünyada stabilliyə, sülh prosesinə yönəlmiş addımlarla təhdid edirlər", - İsrail Prezidenti deyib.
O vurğulayıb ki, İran və onun proksiləri qlobal koalisiyanın qəti addımları, cavabı ilə üzləşməlidir.
Prezident Herzoqun sözlərinə görə, HAMAS "sadəcə İŞİD, cihad mədəniyyətin bir elementidir".
İsrail Prezidenti deyib ki, gələcək sülh və stabillik üçün bu "elementlər" aradan qaldırılmalıdır.
"Fələstinlilər bizim qonşumuzdur. Ancaq siz bu gün İsraildə adi vətəndaşdan soruşsanız ki, gələcəkdə sülh razılaşması necə ola bilər, onları sadəcə bir sual düşündürür - "təhlükəsizlik vədi olacaqmı?" Hər bir israilli əmin olmaq istəyir ki, o, cənubdan, şimaldan və ya şərqdən hücuma məruz qalmayacaq. Məsələn, şimalda "Hizbullah" var və onlar təpədən dırnağa kimi silahlanıb. İran onları silahlandırır, maliyyələşdirir. Qlobal ictimaiyyət bəzən bu faktı unudur. Biz bütün dünya üçün savaşırıq. Mən həmişə deyirəm, əgər İsrail olmayacaqsa, o zaman növbəti hədəf siz olacaqsınız. Bu barbar cihadçılar bizim hamımızı regiondan çıxaracaqlar, Avropanı hədəf seçəcəklər, daha sonra ABŞ-ı. Ona görə də bu müharibə bəşər tarixində vacib elementdir", - İsrail dövlət başçısı qeyd edib.