İsrailin keçmiş müdafiə naziri, Milli Birlik Partiyasının lideri, müharibə kabinetinin üzvü Benni Qantz "Hizbullah"la eskalasiyanın diplomatik yolla həll olunmayacağı halda İsrailin hərbi yolla bunu aradan qaldıracağını bildirib.
APA xəbər verir ki, bu barədə Qantz "X" hesabında paylaşımında bildirib.
"İsrailin şimalındakı vətəndaşların evlərinə qayıda bilməməsi reallığı təcili həll tələb edir. Dünya yadda saxlamalıdır ki, eskalasiyanın təşəbbüskarı "Hizbullah" terror təşkilatıdır. İsrail diplomatik həldə maraqlıdır, lakin həll tapılmasa, İsrail və Müdafiə Qüvvələri təhlükəni aradan qaldıracaq", - o deyib.
Benni Qantzın sözlərinə görə, Müharibə Kabinetinin bütün üzvləri bu fikri bölüşürlər.
"Burada diqqət çəkən yeganə şey İsrailin təhlükəsizliyidir, başqa heç nə. Bu, bizim ölkəmiz və vətəndaşlarımız qarşısında borcumuzdur", - o vurğulayıb.