İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 24 762-yə çatıb.
APA xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzanı bombalaması nəticəsində azı 142 nəfər ölüb, 278 nəfər yaralanıb ki bununla da ümumi yaralıların sayı 62 108-ə yüksəlib.
Bir çox qurban hələ də dağıntılar altındadır və onların öldüyü güman edilir.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.