Türkiyə hərbi sənaye kompleksinin vacib ünsürlərindən olan “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsinin uçuş sınaq kampaniyası planlaşdırılan istiqamətdə davam edir.
APA xəbər verir ki, bu çərçivədə “Kızılelma” eniş şassisindən ilk uçuşunu uğurla həyata keçirib.
Beləliklə, daha bir mühüm mərhələ sona çatıb.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi, Tekirdağın Çorlu rayonundaki “AKINCI” Uçuş Tədris və Sınaq Mərkəzində eniş şassisi bağlı olaraq ilk dəfə yüksək sürətlə sistem tanınma və manevr testlərini uğurla həyata keçirib.
Bu günə qədər iki prototipi uğurla istehsal edilən “Bayraktar Kızılelmanın” inkişaf və istehsal fəaliyyətləri davam edir. Milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.
Aprelin 10-da keçirilən inventar qəbulu mərasimində dünyanın ilk Silahlı PUA gəmisi olacaq “TCG Anadolu”nun uçuş göyərtəsində “Bayraktar Kızılelma” və “Bayraktar TB3” PUA-ları yerləşdirilib.

Xatırladaq ki, “Baykar” şirkətinin tam olaraq öz imkanları ilə ərsəyə gətirdiyi "Bayraktar Kızılelma” layihəsinin icrası 2021-ci ildə başlayıb və 14 Noyabr 2022-ci ildə artıq ilk prototip istehsal olunub.
"Bayraktar Kızılelma” ilk uçuşunu 14 dekabr 2022-ci ildə icra edərək, 15 aprel 2023-cü ildə dördüncü uçuşu ilə sistem identifikasiyası testini uğurla başa vurub.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”, hava-yer əməliyyatları ilə yanaşı, süni intellekt qabiliyyəti ilə həm də hava-hava tipli döyüş aparmaq imkanına malikdir.
“Bayraktar Kızılelma”nın qısa uçuş-enmə zolağı gəmilərindən qalxma və enmə qabiliyyəti ilə döyüş meydanında inqilab edəcəyi gözlənilir.
8,5 ton qalxma çəkisi və 1 min 500 kiloqram yük daşıma qabiliyyətinə malik “Bayraktar Kızılelma”, yerli istehsal olan sursatlardan istifadə edəcək.

Maraqlı bir fakt da ondan ibarətdir ki, “Baykar” şirkəti 2023-cü ilə “Bayraktar TB2” üçün daha 370 milyon dollarlıq ixrac müqaviləsi imzalayaraq ABŞ, Avropa və Çindən olan rəqiblərini geridə qoymağı bacarıb. Şirkət 2023-cü ildə bütün gəlirlərinin 75 faizini ixracdan əldə edib.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, “Baykar” şirkəti müdafiə və aerokosmik sənayenin ixracat üzrə lideri olub. Belə ki, 2022-ci ildə imzalanan müqavilələrdə ixracat nisbəti 99,3 % olan “Baykar” 1,18 milyard dollarlıq ixracat həyata keçirib.
İndiyədək “Bayraktar TB2”nin satışı üçün 28 ölkə, “Bayraktar AKINCI” üçün isə 6 ölkə ilə müqavilə imzalanıb.