Bakı. Real Cəfərli - APA. “İranın nüvə məsələsinin dialoq yolu ilə həll edilməsi üçün münbit şərait yaranıb”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Abdulla Gül İstanbulda keçirilən 60-cı regional və beynəlxalq tərksilah konfransının (PugWash) açılış mərasimində çıxışı zamanı bildirib.
A. Gül İranla ABŞ arasında danışıqların başlanması məsələsinin reallığa çevriləcəyi illərdir gözlədiklərini söyləyib: “Mən Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ prezidenti Barak Obamanın iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığından çox məmnunam. Mən bu addımın regionda sabitliyin bərqərar olunması üçün yaxşı başlanğıc olmasını arzu edirəm”.
A. Gül deyib ki, Türkiyə regionda hər cür kütləvi qırğın silahının əleyhinədir: “Bir ölkədə nüvə silahının mövcudluğu regionda nüvə rəqabətinə zəmin yaradır və bu da bölgədə asayişin zəifləməsinə səbəb olur”.