Bakı. Real Cəfərli-APA. İyulun 21-də gecə saatlarında İranın ali dini lideri, ayətullah Əli Xamneyi ölkənin bir qrup yüksək vəzifəli şəxsləri və ictimai xadimləri ilə görüşüb. APA-nın İSNA-ya istinadən məlumatına görə, iftardan öncə başlayan görüşdə İran prezidenti Mahmud Əhmədinejad, yeni prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani, İran Məhkəmə Sisteminin sədri, ayətullah Sadiq Amoli Laricani, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani, nazirlər, millət vəkilləri, generallar və digər ictimai, siyasi və hərbi xadimlər iştirak ediblər. M. Əhmədinejad 8 illik fəaliyyəti barədə hesabat təqdim edib. İran prezidenti hesabatında rəhbərlik etdiyi IX və X hökumətlərin gördüyü işləri əvvəlki hökumətlərin gördüyü işlərlə müqayisə edib. Bundan sonra İranın ali dini lideri çıxış edib.
Ayətullah Xamneyi hökumətin dəyişməsinə toxunaraq bildirib ki, yeni adamların iş başına gəlmələri yeni baxışlar, təşəbbüslər və seçimlər deməkdir və bu böyük imkandan yaxşı istifadə olunmalıdr.
İranın ali dini lideri 2009-cu ildə ölkədə keçirilmiş mübahisəli prezident seçkilərindən sonra baş vermiş hadisələrdən də danışıb: “2009-cu ildə bir sıra səlahiyyətli şəxslər böyük səhv etməklə ölkəni uçuruma sürükləsə də, ancaq ölkədə indi baş verən dəyişiklər rahatlıq, xoşbəxtlik və yaxşılıqla nəticələndi”.
Sonda ayətullah Xamneyi qonaqlara iftar verib.