Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi ABŞ rəsmilərinin son günlər İranla müzakirələr aparmaq barədə səsləndirdikləri fikirlərə münasibət bildirib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, ayətullah Xamneyi deyib ki, ABŞ rəsmiləri məntiqsiz hərəkət edir: “Onların sözlərinə güvənmək və etimad göstərmək olmaz. Çünki davranışlarında sədaqətli deyillər. Bu ilin əvvəlində (21 mart İran təqvimi nəzərdə tutulur) də bir çıxışımda amerikalılar ilə görüşmə fikrinə çox optimist baxmadığımı söyləmişdim. Hərçənd keçmiş illərdə İraq kimi bir sıra mövzularda ABŞ rəsmiləri ilə görüşülməsinə də mane olmadım”.
Onun sözlərinə görə, son bir neçə ay içərisində ABŞ rəsmilərinin mövqeyi onlara optimist yanaşmağın mümkün olmadığını sübut edir: “Biz hər zaman bütün dünya ilə qarşılıqlı razılaşmaya inanmışıq. Dünya ilə qarşılıqlı razılaşmaya nail olmaq qarşı tərəfi tanımaq, onun məqsəd və metodlarını qavraya bilməkdir. Çünki əgər onu yaxşı tanımasaq, badalaq yeyərik”.
Qeyd edək ki, bu günlərdə ABŞ-ın 118 konqresmeni ölkə prezident Barak Obamaya məktub ünvanlayıblar. Məktubda B.Obamadan İranda iyunun 14-də keçirilmiş XI dövr prezident seçkilərinin nəticələrini nəzərə alaraq, rəsmi Vaşinqtonun Tehranla müzakirələrə başlaması və qarşılıqlı razılığa gəlmək barədə əsaslı addım atmağa zəmin yaratması istənilir. Bundan əvvəl istefada olan 25 amerikalı diplomat da B.Obamaya məktub ünvanlayaraq ondan İranla müzakirələrə başlamağa və Həsən Ruhaninin andiçmə mərasimində rəsmi Tehranı təbrik etməyi istəyiblər.