Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri Almaniyada səfərdədir. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, məqsəd Məhəmməd Cavad Zərif 31 yanvar-2 fevral tarixlərində Münhen şəhərində keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında iştirak etməkdir.
M.C.Zərif səfər çərçivəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, o cümlədən digər ölkələrdən olan həmkarları, həmçinin bəzi beynəlxalq şirkətlərin rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.
Bundan əlavə, İran xarici işlər naziri dünyanın tanınmış ictimai-siyasi şəxslərinin iştirak edəcəyi tədbirdə çıxış edəcək və bu konfransda siyasətçilərin və mütəxəssislərin suallarını cavablandıracaq. Eyni zamanda M.C.Zərif Münhen beynəlxalq təhlükəsizlik konfransı başa çatdıqdan sonra fevralın 3-də Berlin şəhərində Almaniya Xarici Əlaqələr Şurasında alman siyasətçilərin, mütəxəssislərin və diplomatların qarşısında çıxış edəcək.
Qeyd edək ki, Münhen beynəlxalq təhlükəsizlik konfransında 20 ölkə prezident, 50 dövlət isə xarici işlər və müdafiə nazirləri səviyyəsində təmsil olunacaq. Toplantıda ABŞ və Rusiya da iştirak edəcək. Yığıncaqda İranın nüvə proqramı və Suriya böhranının da əsas müzakirə mövzularından olacağı bildirilir. Fevralın 2-də İran və İsveç xarici işlər nazirlərinin rəhbərliyi altında Cenevrə razılaşması ilə bağlı panel keçiriləcək.