Bakı. Real Cəfərli - APA. İranda 2 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.
Onlardan biri İranın Şərqi Azərbaycan vilayətində yetkinlik yaşında törətdiyi qətlə görə gizli şəkildə edam edilib. Əmir Sərdhayi 2007-ci ildə 17 yaşında bu hadisəni törədib və ölüm cəzasına məhkum edilib. Qərar 2010-cu ildə İran Ali Məhkəməsi tərəfindən də təsdiqlənib. Hökm iyunun 9-da səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra edilib.
Digər məhbus isə İranın Əlborz vilayətində dara çəkilib. Cəlal Azərmehr də qətlə görə tutulub və ölüm cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 9-da səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.