APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran müxalifətinin liderlərindən sayılan, dörd ilə yaxındır ev dustaqlığında saxlanılan Mehdi Kərrubinin oğlu bildirib.
Məhəmmədtağı Kərrubi deyib ki, bu müsbət bir addımdır: “Çünki atamın ən azından açıq və işıqlı havaya çıxması onun fiziki vəziyyətini yaxşılaşdıra bilər. Əgər cinayət törətmiş hər kəs tövbə edərsə və günahlarını kompensasiya edərsə, hətta tutulmasına baxmayaraq, onunla dini və qanuni baxımdan davranış fərqli olacaq. Əgər bir adam peşman olarsa, onunla dini və qanuni baxımdan başqa cür davranılacaq. Tövbə insanla Allah arasındadır. Atam yer tanrılarına inanmır ki, onlara da tövbə etsin. M.Kərrubi hökumətin siyasəti qarşısında xalqın hüququnu müdafiə etdiyinə görə fəxr edir”.
Onun sözlərinə görə, M.Kərrubinin inamı və imanı möhkəmdir: “Hətta atam hər hansı bir məhkəmədə mühakimə olunmağa və onun qərarını qəbul etməyə hazır olduğunu deyib. Amma onun yalnız bir şərti var - məhkəmə ictimaiyyətə açıq şəkildə keçirilməlidir. Biz bu gün İranda insanların hüquqlarının pozulmasının nəticələrini görürük. Ölkənin gəlirlərindən 700 milyard dolları məhv edilib. İran siyasi, iqtisadi və beynəlxalq cəhətdən pis vəziyyətdədir”.
Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılırdı. Ailəsi isə İran prezidenti Həsən Ruhanidən M.Kərrubinin ETTELAAT-dan öz evinə dustaqlığa köçürülməsini xahiş etmişdi.
Bu günlərdə İran prezidenti ölkə müxalifətinin liderlərinin azadlığa buraxılmasının mümkünlüyündən danışaraq bildirib ki, heç kəs həbsxanada və dustaqlıqda əbədi qalmayacaq: “Hesab edirəm ki, İrandakı vəziyyət növbəti bir neçə ayda keçmişdəkindən daha yaxşı olacaq”.
Bir neçə gün əvvəl isə M.Kərrubi Tehran şəhərinin Çəmran məntəqəsindəki öz evinə köçürülüb və mənzilinin birinci mərtəbəsində mühafizə dəstəsi yerləşdirilib. Ona yalnız yerli telekanallara baxmaq icazəsi verilib. M.Kərrubi peyk televiziyasına baxa, internet və telefondan istifadə edə bilməz.
Ötən gün İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib ki, M.Kərrubinin üzərindən həbs götürülməyib: “Onun işində heç bir dəyişiklik baş verməyib. M.Kərrubi, sadəcə, öz mənzilinə köçürülüb və bundan sonra həmin mənzildə dustaq şəraitində saxlanacaq”.