Yaponiyanın Sakit okean sahillərinin mərkəzi hissəsindən keçən “Dutszyuan” tayfununun fəsadları nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, ölənlərin əksəriyyəti torpaq sürüşmələrinin qurbanı olub. Bəzi şəxslər isə alçaq ərazilərdə yaranan daşqınlar zamanı su altında qalan avtomobillərində boğulublar. Daha dörd nəfər itkin düşmüş hesab olunur.
Son məlumatlara əsasən, tayfun Tokio da daxil olmaqla Yaponiyanın yeddi prefekturasında dövlət və özəl məktəblər də daxil olmaqla 360-dan çox təhsil müəssisəsinə ziyan vurub.
Tokio ilə qonşu Tiba prefekturasının bir sıra ərazilərində su bir neçə gün çəkilməyib. Daşqın kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub, minə yaxın yaşayış evi zərər görüb.
Narita Beynəlxalq Hava Limanının yerləşdiyi Narita şəhərində isə daşqın dekorativ rəngli sazanların yetişdirildiyi unikal təsərrüfatı məhv edib. Güclü su axını gölməçələrdən 100 mindən çox balığı aparıb.
“Dutszyuan” tayfunu sentyabrın 20-də Yaponiyanın Sakit okean sahillərinin mərkəzi hissəsindən keçib.