Bank Of Baku

Böyük Birlik Partiyasının sədri Mühsin Yazıçıoğlu kimdir?-FOTO

Böyük Birlik Partiyasının sədri Mühsin Yazıçıoğlu kimdir?-<font color=red>FOTO</font>
# 28 mart 2009 09:35 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu-APA. Kahramanmaraşdan Yozqata gedən zaman vertolyot qəzasında dünyasını dəyişmiş Böyük Birlik Partiyasının sədri, millət vəkili Mühsin Yazıçıoğlu 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. APA-nın məlumatına görə, ilk təhsilini kənd məktəbində alan Mühsin Yazıcıoğlu 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir. Hələ məktəb illərində Sarkışla Gənc Ülkücülər Hərəkatına qoşulan Mühsin Yazıçıoğlu Ankaraya gəldikdən sonra Ülkü Ocaqları Genel Mərkəzində çalışmağa başlayıb. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977-1978-ci illərdə Ülkü Ocaqları Genel Başqanının müavini və Ülkü Ocaqları Genel Başqanı vəzifələrində çalışan Mühsin Yazıçıoğlu 1980-ci ilə kimi həmçinin MHP lideri Alparslan Türkeşin müşaviri də olub. Ülkücü hərəkatda önəmli bir yeri olan Mühsin Yazıçıoğlu Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyini yaradan Mühsin Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalıb. 80-ci illərdə Abdullah Çatlı haqqında qiyabi həbs qərarı verildikdən sonra “Ankaranın hər yerində bomba partladarıq” bəyanatı verən Yazıçıoğlu Çatlı haqqında məhkəmə hökmünün dəyişdirilməsinə nail olmağı bacarıb.
1980-ci il sentyabrın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra o “MHP və Ülkücü Qurumlar” cinayət işi ilə əlaqədar həbs olunur və ömrünün 7,5 ilini həbsxanada keçirir. Həbsxanadan çıxdıqdan sonra hərbi çevriliş dövründə cəzaya məhkum olunmuş ülkücülərə və onların ailə üzvlərinə yardım göstərmək məqsədilə Sosial Təhlükəsizlik və Təhsil Dərnəyi yaradan Mühsin Yazıçıoğlu 1987-ci ildə Milliyyətçi Çalışma Partiyasına qoşularaq siyasi fəaliyyətini bərpa edir. Partiyanın baş katibinin müavini vəzifəsində çalışan Yazıçıoğlu 1991-ci ildə Sivasdan millət vəkili seçilir. 1992-ci ildə isə partiya sədri Alparslan Türkeşlə aralarında yaranmış fikir ayrılığı Mühsin Yazıçıoğlunun MÇP-dən istefa verməsi ilə nəticələnir. O milliyətçilik əvəzinə türk-islam sintezinə üstünlük verən bir qrup dostu ilə 1993-cü ildə Böyük Birlik Partiyasını təsis edir və partiyanın ilk qurultayında sədr seçilir. 1995-ci ildə ANAP-BBP ittifaqının siyahısı üzrə Sivasdan millət vəkili seçilən Mühsin Yazıçıoğlu bir il sonra ANAP-dan ayrılır və yenidən öz partiyasına qayıdır. Son parlament seçkilərində Böyük Birlik Partiyası seçkiləri boykot etdiyinə görə Mühsin Yazıçıoğlu seçkilərə Sivasdan müstəqil namizəd qismində qatılır və yenidən millət vəkili seçilir. O, 2007-ci ildə BBP sıralarına qayıdır və 3-cü növbədənkənar qurultayda partiyanın sədri seçilir. Türkiyənin siyasi həyatında, xüsusilə ülkücü hərəkatda önəmli rol oynamış BBP sədrinin həyatı ilə bağlı ən maraqlı məqamlardan biri siyasi fəaliyyəti dövründə heç zaman vertolyotun xidmətindən istifadə etməməsidir. Kahramanmaraşda keçirilən mitinqdə son çıxışı zamanı “Dövlətdən dəstək almırıq, partiya olaraq ilk dəfə vertolyot icarə götürdük” deyən Mühsin Yazıçıoğlu üçün bu ilk - faciə ilə başa çatdı. Qeyd edək ki, ilk dəfə icarəyə götürdükləri vertolyotda qəzaya uğrayan BBP başqanının cəsədi hadisədən 48 saat sonra aşkarlanıb və hələ də qəza bölgəsindən gətirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR