Bank Of Baku

Türkiyə ordusunun komandanı “Ergenekon” məsələsi ilə bağlı şübhələrini dilə gətirib

Türkiyə ordusunun komandanı “Ergenekon” məsələsi ilə bağlı şübhələrini dilə gətirib
# 29 aprel 2009 13:44 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ Ankarada mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, ordu komandanı yerli televiziya və qəzetlərin xəbər müdirlərinin dəvət olunduğu mətbuat konfransında bir sıra aktual məsələlərə münasibətini bildirib. O, sözünə mina partlayışı nəticəsində 10 türk əsgərinin şəhid olması olayı haqda məlumat verməklə başlayıb və terrora qarşı mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayıb. Sonra komandan terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı bəzi məqamlara dair fikirlərini açıqlayıb. Bu yaxınlarda İstanbulda yer altından silah-sursat tapılması faktına toxunan İ. Başbuğ bu qazıntıda və daha əvvəlki qazıntılarda tapılan 45 silahın heç birinin Türkiyə Silahlı Qüvvələrinin inventarında olmadığını bəyan edib və həmin silahlardan polisdə də olduğuna diqqət çəkib. İ. Başbuğ jurnalistlərin bu mövzuda suallarını cavablandırarkən onlara məhkəmənin ““Ergenekon terror təşkilatı” ifadəsindən istifadə olunmasını qadağan etdiyini xatırladıb və bu qərara hörmət göstərilməsini istəyib. O, Türkiyə Silahlı Qüvvələrinin demokratiyaya, məhkəmə və hüquq sisteminə hörmət etdiyini xüsusi vurğulayaraq istintaqla bağlı bəzi fikirlərini dilə gətirib. Ordu komandanı məhkəmə qərarına qədər hər kəsin günahsız olduğunu, bu prinsipin beynəlxalq hüquqda da əksini tapdığını söyləyərək hazırda Türkiyədə buna əməl edilmədiyinə işarə vurub. İ. Başbuğ kimliyi bəlli olmayan gizli şahidlərin və keçmiş PKK-çıların “etirafçı” adı altında istintaqa verdiyi ifadələrə şübhə etdiyini gizlətməyib. General ittihamnaməyə bu cinayət işi ilə əlaqəsi olmayan hadisələrin də daxil edildiyinə diqqət çəkib. O, türk ordusu daxilində bəzi zabitlərin hərbi çevriliş planlaşdırdığı haqda hər hansı sənəd və dəlillərə sahib olmadıqlarını açıqlayıb. İ. Başbuğ saxlanılan əsgər və zabitlərin Baş Qərargahın icazəsi ilə həbs olunduğu və Baş Qərargahın guya istintaqa dəstək verməsi barədə media orqanlarında çıxan xəbər və şərhlərə kəskin reaksiya verib: “Hüquqi dövlətdə hər hansı qurumun istintaqa dəstək verib-vermədiyini düşünmək ayıbdır. Ən önəmli məsələ bu istintaqın qanun çərçivəsində aparılmasıdır. Axtarışların və həbslərin bizim icazəmizlə aparıldığı deyilir. Bu, doğru deyil, qanunda da belə bir şey yoxdur. Prokurorlar hərbçilərin həbsinə sanksiya verdikdə komandanlığa sadəcə, məlumat verirlər”.

İ. Başbuğ ordu rəhbərliyinin bir müddətdir Türkiyə Böyük Millət Məclisini boykot etməsinə də aydınlıq gətirib. O bildirib ki, bu addımın yeganə səbəbi terror təşkilatı ilə arasına məsafə qoymayan bir qrupun (Demokratik Toplum Partiyası) parlamentdə təmsil olunmasıdır: “Məclisdəki siyasi partiya ilə terror təşkilatının əlaqəsini aşkara çıxarmadan bizim bu şəxslərlə eyni mühitdə olmağımız mümkün deyil. Bu səhər əsgərlərini itirən bir ordunun komandanı kimi deyirəm ki, belə bir partiya ilə bir arada olmağımızı kimsə gözləməsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR