Bank Of Baku

Türkiyənin səhiyyə naziri “donuz qripi” ilə bağlı mətbuat konfransı keçirib

Türkiyənin səhiyyə naziri “donuz qripi” ilə bağlı mətbuat konfransı keçirib
# 16 may 2009 11:25 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Türkiyədə ilk dəfə olaraq “donuz qripi” (A/H1N1) virusunun qeydə alınması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, nazir virusun 26 yaşlı İraq əsilli ABŞ vətəndaşında tapıldığını, onun gəldiyi təyyarədə 166 sərnişinin olduğunu və həmin şəxslərlə əlaqə qurmağa çalışdıqlarını açıqlayıb: “Virusun ölkəmizə giriş zamanı müəyyən edilməsi önəmlidir. Xəstənin ümumi vəziyyəti yaxşıdır. Onunla bərabər 6 nəfərlik ailə üzvləri də təcrid edilib. Hazırda bu adamın təmasda olduğu şəxslər müəyyənləşdirilir”.
R. Akdağ Səhiyyə Nazirliyinin virusun yayılmasına qarşı lazımi tədbirləri gördüyünü vurğulayaraq vətəndaşları diqqətli olmağa çağırıb: “Son yeddi gün ərzində xaricdən gələn və 38 dərəcədən çox hərarət, öskürək kimi əlamətlər müşahidə olunan şəxslər mütləq xəstəxanalara müraciət etməlidir. Öskürmə, asqırma zamanı ağız və burun dəsmalla qapadılmalıdır. Əlləri su və sabunla yaxşı-yaxşı yumaq lazımdır. Məcburiyyət yoxdursa, vətəndaşlarımız virusun yayıldığı ölkələrə getməməlidir”.
Qeyd edək ki, ABŞ-dan İraqa getmək üçün Amsterdam (Hollandiya) vasitəsilə İstanbul hava limanına gələn ABŞ vətəndaşında yüksək hərarət müəyyən edilib. Hərarət Atatürk hava limanında quraşdırılmış termal kamera tərəfindən qeydə alındıqdan sonra adı açıqlanmayan iraqlı İstanbuldakı Haseki Xəstəxanasına aparılıb. Xəstəxanada müayinə nəticəsində həmin şəxsdə “donuz qripi” (A/H1N1) aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR