Bank Of Baku

Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü: “Qurumun Ermənistanla bağlı mövqeyindən narazıyıq”

Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü: “Qurumun Ermənistanla bağlı mövqeyindən narazıyıq”
# 25 iyun 2009 07:22 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyunun 24-də keçirilmiş plenar iclasında qurumun Ermənistan üzrə həmməruzəçiləri, fransalı parlamentar Jorj Kolombye və Böyük Britaniyadan olan deputat Con Preskotun hazırladıqları «Ermənistanda demokratik institutların fəaliyyəti» adlı 11962 saylı sənəd təqdim olunub. APA-nın Avropa bürosunun məlumatına görə, həmməruzəçilər ümumilikdə ölkədəki demokratiyanın vəziyyəti haqda danışıb, əsas problemlərə toxunublar.

Fransalı həmməruzəçi J. Kolombye Ermənistanda son vaxtlar qəbul edilmiş amnistiya aktını yüksək qiymətləndirib, bildirib ki, bu fərman təkcə həbsdə olan şəxslərə deyil, mart hadisələri zamanı polisdən gizlənən şəxslərə də şamil edilir: “Əgər onlar 2009-cu ilin 31 iyulunadək hüquq-mühafizə orqanlarına təslim olsalar, bu amnistiya onlara da şamil ediləcək. Qeyd etməliyik ki, bu amnistiyasının qəbul olunmasında AŞ PA-nın da rolu böyük olub. Hesab edirəm ki, mart hadisələri ilə bağlı müstəqil və şəffaf təhqiqat aparılmalıdır və bu prosesi artıq bitirmək lazımdır. Bundan başqa, ölkədə məhkəmə və polis sistemində islahatlara ehtiyac var. Onu da qeyd etmək istəyirəm ki, Ermənistanda mer seçkiləri ilə bağlı seçki hüququna dair da islahatlar aparılmalıdır. Biz həmməruzəçilər hesab edirik ki, indiki məqamda AŞ PA Monitorinq Komitəsi Ermənistanda gedən islahat proseslərini dəstəkləməlidir”.

Digər məruzəçi C. Preskot da öz növbəsində Ermənistanda problemlərin tam həll edilmədiyini, bununla belə, AŞ PA-nın tələblərindən irəli gələn mühüm addımlar atıldığını söyləyib: “Bununla belə, biz narahatlığımızı ifadə etməyi davam etdirəcək, Monitorinq Komitəsində işimizi irəli aparacağıq”.

Daha sonra hesabat ətrafında müzakirələr başlayıb. Müzakirələrdə bir çox deputatlar Ermənistandakı insan haqları, demokratiya sahəsində narahatlıqlarının ifadə ediblər.

Ermənistanın “İRS” müxalifət fraksiyasının üzvü Zaruhi Postancyan isə Ermənistan hökumətini kəskin tənqid edib. O, çıxışında Ermənistan hökumətinin AŞ PA qarşısındakı öhdəliklərini yerinə yetirməməsinə görə erməni xalqının məyus və narazı olduğunu qeyd edib: “Bundan başqa, mən daha çox geopolitik və digər maraqları üstün tutan AŞ PA-nın fəaliyyətindən də narazılığımı bildirmək istəyirəm”.

Xanım Postancyan Ermənistanda polis sisteminin tamamilə hökumətdən asılı olduğunu bildirib, ölkədə müstəqil və alternativ KİV-lərin, eləcə də adi fundamental azadlıqlara heç bir siyasi şərait olmadığını vurğulayıb: “Bütün bunlara baxmayaraq, ölkəyə qarşı heç bir sanksiya tətbiq edilmir. Hal-hazırda Ermənistandakı mövcud siyasi sistem Avropa Şurasının meyarlarına uyğun gəlmir. Erməni xalqı da cinayətkar Ermənistan hakimiyyətinə olan bu münasibətdən, bu mövqedən çaşqınlıq hissi keçirir. Ona görə hesab edirəm ki, ədalətin bərqərar olması naminə AŞ PA daxilində digər təsirli vasitələrdən də istifadə etməliyik”.

Sonda sənəd səsə qoyularaq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR