Bank Of Baku

Alen Jüppe Fransanın xarici işlər naziri təyin edilib

Alen Jüppe Fransanın xarici işlər naziri təyin edilib
# 28 fevral 2011 07:18 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Fransanın xarici işlər və Avropa işləri üzrə naziri xanım Mişel Alyo-Mari istefa ərizəsini Nikola Sarkoziyə təqdim edib. APA-nın Avropa bürosunun məlumatına görə, Fransa prezidentinin xanım Alyo-Marini istefaya göndərəcəyi haqda məlumatı Fransa mətbuatı hələ keçən həftədən yazıb. Xarici işlər nazirinin istefaya göndərilməsinə əsas səbəb xanım Alyo-Marinin Tunisin keçmiş prezidenti Zeynəl Abidin Ben Əli və onun yaxınları ilə yaxın münasibətdə olmasıdır. Tunisdə inqilabın tüğyan etdiyi bir vaxtda Mişel Alyo-Mari tətilini Ben Ali rejiminə yaxın olan tunisli iş adamı ilə birgə keçirib və Tunisə onun özəl təyyarəsi ilə gedib. Bu hadisə Fransa cəmiyyətində böyük səs-küyə səbəb olub və müxalifət xarici işlər nazirinin istefasını tələb edib. Bundan başqa, xanım Alyo-Marinin Fransa diplomatiyasına rəhbərlik etdiyi dövrdə nazirlik daxilində bir sıra struktur problemləri də yaranıb. Qeyd edək ki, xanım Mişel Alyo-Mari ötən ilin noyabrında nazirliklərdəki yerdəyişmə zamanı Bernar Kuşneri əvəz edərək, Fransanın xarici işlər naziri təyin edilib və bu postda cəmi üç ay fəaliyyət göstərib.
Xanım Mişel Alyo-Marinin qalmaqallı Tunis tətili və eləcə də qonşu ərəb ölkələrindəki son inqilablar fonunda ölkə prezidenti Nikola Sarkozi Fransa hökumətində bəzi yerdəyişmə və dəyişikliklər aparmağa məcbur olub. Əvəzetmə Fransanın xarici işlər və təhlükəsizlik nazirliklərində aparılıb. Belə ki, Mişel Alyo-Marinin əvəzinə xarici siyasət idarəsinə sabiq müdafiə naziri Alen Jüppe rəhbərlik edəcək. Alen Jüppenin tutduğu müdafiə naziri postu isə hakim partiyanın Fransa Senatındakı rəhbəri Jerar Longetə verilib. Fransa daxili işlər naziri Bris Ortöfö vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra o, prezidentin siyasi məsələlər üzrə müşaviri vəzifəsini tutacaq. Onun yerinə isə Fransa prezidenti dəftərxanasının rəhbəri Klod Qean təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR