ABŞ Hərbi Kəşfiyyatının qiymətləndirməsinə görə, Ukraynada zədələnmiş yüksək güclü elektrik stansiyalarının bərpasına ən azı bir il vaxt lazım olacaq.
APA xəbər verir ki, bu barədə Pentaqonun, ABŞ Dövlət Departamentinin və hazırda faktiki olaraq ləğv edilmiş ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş inspektorları tərəfindən hazırlanmış hesabatda bildirilib.
Aprelin 1-dən iyunun 30-dək olan dövrü əhatə edən hesabat ABŞ Konqresinin baxışına təqdim olunub.
Sənəddə qeyd olunur ki, Pentaqonun Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə əsasən, Ukrayna zədələnmiş yarımstansiyaların əksəriyyətini altı ay ərzində bərpa edə bilər. Zədələnmiş yüksək güclü elektrik stansiyalarının təmiri isə ən azı bir il çəkə bilər.
Hesabatda vurğulanır ki, bu müddətlər Ukraynanın enerji infrastrukturuna dəyəcək əlavə zərərin miqyasından, eləcə də tərəfdaş ölkələrin təmir üçün avadanlıqla göstərəcəyi yardımın həcmindən asılıdır.
Sənəddə söhbətin konkret hansı elektrik stansiyalarından getdiyi açıqlanmayıb.