ABŞ yaxın zamanda Finlandiya ilə bərabər İsveçin də NATO-ya daxil olacağına ümid edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ABŞ-nın Türkiyədəki səfiri Ceyms Fleyk jurnalistlərə açıqlamasında bildirib.
O, eyni zamanda qeyd edib ki, Türkiyənin təhlükəsizlik tələbləri diqqətdən kənarda qalmamalıdır.
“İsveç də lazımi tədbirlər görməlidir və bunu etdiklərinə inanırıq. Hətta PKK-ya qarşı daha güclü mübarizə apara bilmək üçün konstitusiyalarında dəyişiklik etdilər. Biz hesab edirik ki, indi İsveçin NATO üzvü olmaq vaxtıdır. Ümid edirik ki, İsveç Vilnüs sammitindən əvvəl və ya ondan sonra Alyansa üzv olacaq”, - deyə səfir vurğulayıb.
C. Fleyk, həmçinin, əlavə edib ki, “hazırda ABŞ və Türkiyə prezidentlərinin görüşü haqqında danışmaq tezdir”.