Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanı və İranın diplomatik münasibətlərin bərpasına dair razılaşmaya münasibət bildirib
APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.
"Avropa İttifaqı Səudiyyə Ərəbistanı Krallığı ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin bərpasına dair elan edilmiş razılaşmanı alqışlayır və onun həyata keçirilməsini səbirsizliklə gözləyir.
Aİ bu mühüm addıma aparan diplomatik səyləri qeyd edir.
Həm Səudiyyə Ərəbistanı, həm də İran regionun təhlükəsizliyinin mərkəzi olduğu üçün onların ikitərəfli əlaqələrinin bərpası bütövlükdə regionun sabitləşməsinə töhfə verə bilər.
Sülhün və sabitliyin təşviqi və Yaxın Şərqdə gərginliyin azaldılmasına nail olmaq Aİ üçün əsas prioritetlərdir. Aİ bölgədəki bütün aktorlarla mərhələli, inklüziv yanaşma və tam şəffaflıq şəraitində əlaqə saxlamağa hazırdır", Stanonun bəyanatında bildirilib.