Türkiyə terrorla mübarizədə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə haqqından istifadə edir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar İtaliyanın “İl Messaggero” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə müttəfiq və dost ölkələri terrorçularla əməkdaşlıqdan çəkinməyə və bu mübarizədə ona dəstək olmağa çağırır.
“Biz bunu edərkən kimdənsə icazə almaq niyyətində deyilik. Bizim kürdlərlə və ya başqa etnik qruplarla problemimiz yoxdur. Əməliyyatlarımız yalnız terrorçulara qarşıdır. Bununla belə, hər kəs bilməlidir ki, biz ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hər bir addımı atmaq əzmindəyik. Türkiyə Silahlı Qüvvələri İŞİD-lə mübarizədə ən radikal 4 min 500 terrorçunu zərərsizləşdirən yeganə ordudur. Bundan əlavə, 9 min 500 əcnəbi terrorçunu Türkiyədən deportasiya etdik, 100 mindən çoxunun ölkəmizə girişinin qarşısını aldıq”, - deyə o bildirib.