Biz artıq dünyanın fərqli problemlərlə yaşadığı dövrdəyik. Biz Ukrayna böhranı və pandemiyadan çıxış yolunu tapmalıyıq. Eyni zamanda, enerji və inflyasiya ilə bağlı səylər göstərməliyik .
APA xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti İlir Meta bildirib.
Albaniya Prezidenti deyib ki, liderlər problemlərin qarşısını almaq üçün tədbirlər görməlidir: “Biz NATO-nun Şərq cinahında yerləşən bir ölkəyik. Artıq Avropa əhalisinin 93 faizi NATO-ya üzv ölkələrdə yaşayır. Biz Ukraynanın NATO-ya üzvlüyünü də dəstəkləyirik. Rusiyanın aqressiv hərəkətləri sabitliyə böyük təhdid yaradır. Biz Balkan ölkəsi, Avropa ailəsinin üzvü kimi sülhə, sabitliyə çağırırıq”.
İlir Meta qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ərzaq böhranına yol aça bilər: “23 milyon insan artıq aclıqdan əziyyət çəkəcək. Qara dəniz limanları açılmalı və bu, qida təhlükəsizliyində rol oynamalıdır. 23 milyon insanın həyatı bundan asılıdır”.