Almaniyanın dəmir yolları şirkəti olan “Deutsche Bahn” gündəlik 75 min nəfərin istifadə etdiyi “Frankfurt-Manheym” marşrut xəttini 5 ay müddətinə bağlayacaq.
"APA-Economics"in xəbərinə görə, bu barədə məlumatı “Deutsche Welle” yayıb.
Bildirilib ki, bu zaman xəttin bütün sektorlarında əsaslı təmir işləri həyata keçiriləcək. İlkin olaraq xətt üzrə qatarların hərəkətinin bərpası cari il dekabrın 14-ə nəzərdə tutulub.
Ölkənin nəqliyyat naziri Folker Vissinq deyib ki, 20 stansiyanın yerləşdiyi 140 kilometrlik xəttin təmirində ləngimələrin əngəlləmək üçün proses sürətlə həyata keçiriləcək və vaxtında başa çatdırılacaq.
Ümumilikdə götürsək, son illər “Deutsche Bahn” adı çəkilən ölkə miqyasında dəmir yolu şəbəkəsi üzrə daşıyıcı şirkətdən daha çox problemlər girdabında boğulan struktur kimi yadda qalıb. İş o yerə çatıb ki, bir sıra mütəxəssislər burada sözü gedən sistemin hətta inkişaf etməkdə olan ölkələrin analoji şəbəkəsindən dəfələrlə geri qaldığı barədə əsaslı fikirlər səsləndirib.
Nümunə üçün 2024-cü il Avropa Futbol Çempionatını izləmək üçün müxtəlif ölkələrdən Almaniyaya gələn turistlər ölkənin dəmiryolu şəbəkəsinin işlək olmamasına görə hökuməti və müvafiq strukturları, əsasən də “Deutsche Bahn” şirkətini dəfələrlə tənqid edib.
Sosial şəbəkələrdə paylaşılan çoxsaylı tənqidi fikirlərdə bu cür bərbad və qeyri-peşəkar iş sisteminin Avropanın inkişaf etmiş ölkələrindən biri olan Almaniyaya yaraşmadığı və vəziyyətin təcili olaraq aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Tənqidlərin hədəfində isə daha çox Nəqliyyat Nazirliyi və ona 2021-сi ilin dekabrından rəhbərlik edən Folker Vissinq olub. Mütəmadi olaraq dəmiryolu qatarlarından istifadə edən vətəndaşlar 54 yaşlı naziri dərhal istefaya çağırıb və sözü gedən sektorun daha peşəkar mütəxəssisə tapşırılmalı olduğunu bildiriblər.
Dünyanın əksər ölkələrini avtomobil və müxtəlif texnikalarla təmin edən bir ölkənin dəmiryolu sistemində ləngimələrin və ciddi problemlərin yaranması təəccüb doğurmaya bilməz.
Digər tərəfdən, mütəxəssislər təmirə dayandırılacaq “Frankfurt-Manheym” xəttindəki çoxsaylı ciddi problemləri aradan qaldırmaq üçün 5 aylıq müddətin kifayət etməyəcəyini və yaranmış fasilənin bu sistemin işinə külli-miqdarda maddi ziyan vuracağını bildirirlər.