Problem ondan ibarətdir ki, Qərb müttəfiqləri son on illikdə Rusiya siyasətçiləri tərəfindən yanlış yönləndiriliblər, aldanıblar.
Bunu APA-ya açıqlamasında Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks deyib.
Onun sözlərinə görə, Qərb müttəfiqləri silahsızlaşma siyasətini seçiblər və Aİ-nin Qərbi Avropadan olan üzvləri, əksəriyyət Ukraynadakı işğalı görməyə hazır deyildi.
“Siyasi tərəddüd və praktiki bacarıqsızlıq Ukraynaya kifayət qədər hərbi yardım göndərməyə mane olub. Ukraynanı dəstəkləyən Qərb ölkələri qlobal iqtisadiyyatın 50 faizini təşkil etdiyi halda, Rusiya 2-3 faizini təşkil edir. Əgər Qərb iqtisadiyyatı Ukrayna ordusunun arxasında dayansa idi, müharibə artıq bitmiş olardı. Lakin Ukraynaya hissə-hissə verilən hərbi yardım müharibənin müddətini uzatmış olur. Biz ölkələrə tərəddüd göstərməmək barədə xəbərdarlıq edir, Ukraynaya maksimum dəstək verməyə çağırırıq. Bu, nəhayət Rusiyanı danışıqlar masasına gəlməyə məcbur edəcək. Çünki müharibədə əvvəlcə qələbə, daha sonra isə müzakirələr olmalıdır”, - sabiq nazir qeyd edib.