Estoniya Ukraynaya növbəti hərbi yardım paketini göndərəcək.
APA "Interfax"a istinadən xəbər verir ki, bu barədə Estoniya hökuməti qərarı təsdiqləyib.
Bildirilib ki, Ukraynaya göndəriləcək hərbi yardım paketi əsasən dronlar, fərdi qoruyucu vasitələr və qış geyimlərindən ibarət olacaq.
"Ukraynanın Rusiyanın təcavüzünə qarşı özünü qoruması üçün hələ də bizim köməyimizə və dəstəyimizə ehtiyacı var. Budəfəki yardım paketimiz Ukraynadan alınan yardım sorğularına əsasən təşkil olunub", Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
Qeyd edək ki, müharibə başlayandan bəri Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raketlər, haubitsalar, tank əleyhinə minalar, tank əleyhinə qumbaraatanlar, minaatanlar, avtomobillər, rabitə vasitələri, tibbi ləvazimatlar, fərdi qoruyucu vasitələr və taktiki ərzaq paketləri verib.